AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ 2026-cı il üzrə DAXİLİ QRANT MÜSABİQƏSİ
9 iyul 2026
Azərbaycan Texniki Universiteti (AzTU) universitetin tədqiqat universitetinə transformasiya strategiyasının həyata keçirilməsi, elmi-tədqiqat fəaliyyətinin keyfiyyətinin yüksəldilməsi, tədqiqat qruplarının formalaşdırılması, rəqəmsal tədqiqat idarəetməsinin inkişaf etdirilməsi, sənaye ilə əməkdaşlığın genişləndirilməsi və universitetin beynəlxalq elmi görünürlüğünün artırılması məqsədilə 2026-cı il üzrə Daxili Qrant Müsabiqəsini elan edir.
Müsabiqənin əsas məqsədi bilavasitə universitetin ehtiyaclarına yönələn tətbiqi və eksperimental-konstruktor xarakterli elmi tədqiqatların inkişafını təşviq etmək, innovativ və sənaye yönümlü həllərin yaradılmasını dəstəkləmək, tətbiqi nəticələrin və elmi məhsuldarlığın artırılmasına töhfə vermək, gənc tədqiqatçıların elmi potensialını inkişaf etdirmək, eləcə də universitetin strateji inkişaf prioritetlərinə uyğun olaraq beynəlxalq rəqabətqabiliyyətli tədqiqat mühitinin formalaşdırılmasına dəstək göstərməkdir.
Müsabiqə AzTU-nun professor-müəllim heyəti, elmi işçiləri, doktorantları, magistrantları və tələbələri tərəfindən təqdim olunan fundamental, tətbiqi və eksperimental-konstruktor xarakterli elmi-tədqiqat layihələrinin müsabiqə əsasında seçilməsi və maliyyələşdirilməsi üçün nəzərdə tutulmuşdur.
Daxili Qrant Proqramı AzTU – nun fəaliyyətinin və infrastrukturunun problemlərinə uyğun ehtiyaclarının araşdırılması ilə bərabər universitetdə tədqiqat mədəniyyətinin inkişaf etdirilməsini, multidissiplinar tədqiqat qruplarının yaradılmasını, laboratoriya əsaslı araşdırmaların genişləndirilməsini, elmi rəhbərlik və mentorluq institutunun gücləndirilməsini, sənaye ilə birgə tədqiqatların təşviqini, patentləşmə, texnologiya transferi və elmi nəticələrin kommersiyalaşdırılmasını, eləcə də beynəlxalq səviyyədə rəqabətqabiliyyətli elmi məhsulların və yüksək impaktlı nəşrlərin sayının artırılmasını hədəfləyir.
Müsabiqənin əsas məqsədləri
Daxili Qrant Müsabiqəsinin əsas məqsədləri aşağıdakılardır:
- AzTU-nun tədqiqat universitetinə transformasiyasına xidmət edən elmi-tədqiqat və innovasiya fəaliyyətini təşviq etmək;
- Tədqiqat qruplarının və elmi məktəblərin formalaşdırılmasını dəstəkləmək;
- Web of Science və Scopus bazalarında indekslənən nəşrlərin, patentlərin və digər elmi nəticələrin sayını artırmaq;
- Magistrantların, doktorantların və gənc tədqiqatçıların elmi fəaliyyətə cəlb olunmasını təşviq etmək;
- Universitet–sənaye əməkdaşlığını, texnologiya transferini və elmi nəticələrin kommersiyalaşdırılmasını dəstəkləmək;
- Universitetin rəqəmsal transformasiyasına, laboratoriya və tədqiqat infrastrukturunun inkişafına yönəlmiş layihələri təşviq etmək.
Qrant kateqoriyaları və maliyyələşdirmə
Müsabiqə çərçivəsində layihələr aşağıdakı kateqoriyalar üzrə təqdim olunur.
| Kateqoriya | Təyinatı | Maksimum maliyyə | İcra müddəti | Gözlənilən nəticələr |
| Eksperimental və tətbiqi layihələr | Eksperimental və tətbiqi tədqiqatlar, prototipin hazırlanması, sənaye problemlərinin həlli və kommersiyalaşdırıla bilən həllərin işlənməsi | 50 000 AZN-dək | 6–12 ay | Scopus/Web of Science indeksli məqalə, patent, faydalı model, proqram təminatı, prototip və tətbiq planı |
| Gənc alimlər | Gənc tədqiqatçıların müstəqil elmi fəaliyyətinin, innovativ ideyalarının və elmi liderlik potensialının dəstəklənməsi | 15 000 AZN-dək | 6–12 ay | Elmi məqalə, pilot tədqiqat nəticələri, proqram təminatı, prototip və ya patent müraciəti |
Layihənin aid olduğu kateqoriya onun məqsədi, gözlənilən nəticələri, komandanın elmi potensialı və tələb olunan maliyyə həcmi nəzərə alınmaqla müəyyən edilir.
Qeyd: Layihələrin maliyyələşdirilməsi ayrılmış ümumi fond, ekspertiza nəticələri və layihənin büdcə əsaslandırmasının keyfiyyəti nəzərə alınmaqla həyata keçirilir.
Prioritet istiqamətlər
Prioritet istiqamətlər AzTU-nun daxili inkişaf ehtiyacları, tədqiqat universiteti hədəfi, mühəndislik sahələrində qlobal texnoloji trendlər və sənaye ilə inteqrasiya imkanları nəzərə alınmaqla müəyyən edilmişdir.
Layihələr aşağıdakı prioritet istiqamətlərdən ən azı birinə uyğun olmalı, fənlərarası yanaşma nümayiş etdirən layihələrə isə üstünlük veriləcəkdir.
| № | Prioritet istiqamət | Nümunə mövzular və əhatə dairəsi |
| 1 | Süni intellekt, data əsaslı mühəndislik və rəqəmsal universitet platformalarının inkişafı | AI/ML modelləri, generativ və agent əsaslı süni intellekt, data analitikası, tədris və tədqiqat proseslərinin rəqəmsal idarə olunması, KPI və elmi fəaliyyətin monitorinq sistemləri, e-Grant, dissertasiya və təcrübə proseslərinin rəqəmsallaşdırılması, akademik qərarvermə üçün verilənlər infrastrukturu. |
| 2 | Kibertəhlükəsizlik, rəqəmsal etimad və post-kvant təhlükəsizliyi | İnformasiya təhlükəsizliyi, rəqəmsal identifikasiya, kritik infrastrukturun mühafizəsi, təhlükəsiz proqram təminatı, süni intellekt təhlükəsizliyi, post-kvant kriptoqrafiyası, müdafiə və sənaye sistemlərində təhlükəsiz kommunikasiya. |
| 3 | Sənaye 4.0/5.0, robototexnika, avtomatlaşdırma və rəqəmsal əkizlər | Ağıllı istehsal, IoT/IIoT, Edge və Cloud Computing, rəqəmsal əkizlər, prediktiv texniki xidmət, robot sistemləri, mekatronika, istehsal proseslərinin avtomatlaşdırılması və insan mərkəzli istehsal texnologiyaları. |
| 4 | Yaşıl enerji, enerji effektivliyi və ağıllı enerji sistemləri | Bərpa olunan enerji mənbələri, enerji saxlama sistemləri, mikroşəbəkələr, Smart Grid texnologiyaları, enerji monitorinqi, enerji effektivliyi və karbon emissiyalarının azaldılması üzrə həllər. |
| 5 | Ağıllı nəqliyyat, logistika və təhlükəsiz mobil sistemlər | Ağıllı nəqliyyat sistemləri, logistikanın optimallaşdırılması, elektrik və hibrid nəqliyyat vasitələri, avtonom sistemlər, yol hərəkəti təhlükəsizliyi, nəqliyyatda data analitikası və simulyasiya modelləri. |
| 6 | Qabaqcıl materiallar, sensorlar, mikro/nano və additiv istehsal texnologiyaları | Yeni funksional materiallar, kompozitlər, 3D çap, sensor sistemləri, mikroelektronika, cihaz mühəndisliyi, materialların sınağı və mühəndislik tətbiqləri. |
| 7 | Müdafiə sənayesi və ikili təyinatlı mühəndislik texnologiyaları | Pilotsuz sistemlər, təhlükəsiz rabitə, radar və sensor texnologiyaları, elektronika, mexaniki və rəqəmsal müdafiə həlləri, yerli texnoloji komponentlərin hazırlanması. |
| 8 | Tədris–tədqiqat inteqrasiyası, laboratoriya modernləşdirilməsi və gənc tədqiqatçı modelinin inkişafı | Magistr və doktorantların tədqiqat qruplarına cəlb edilməsi, laboratoriya əsaslı tədris, virtual laboratoriyalar, mühəndislik bacarıqlarının inkişafı, elmi rəhbərlik sisteminin gücləndirilməsi və universitetin tədris-tədqiqat proseslərinin təkmilləşdirilməsi. |
| 9 | Dayanıqlı inkişaf və yaşıl universitet mühitinin formalaşdırılması | Universitetdə dayanıqlı inkişaf mədəniyyətinin formalaşdırılması, təlim və maarifləndirmə proqramlarının təşkili, yaşıl universitet təşəbbüslərinin təşviqi, tələbə və əməkdaşların fəal iştirakının dəstəklənməsi, Dayanıqlı İnkişaf Məqsədlərinin (SDG-lər) universitetin təhsil, idarəetmə və institusional fəaliyyətinə inteqrasiyası. |
Müsabiqədə iştirak şərtləri
Daxili Qrant Müsabiqəsinin keçirilməsi aşağıdakı şərtlər əsasında həyata keçirilir:
- Layihələr AzTU – nun fəaliyyətinin və infrastrukturunun problemlərinə uyğun ehtiyaclarının araşdırılmasına həsr olunmalıdır.
- Müsabiqədə yalnız Azərbaycan Texniki Universitetinin professor-müəllim heyəti, elmi işçiləri, doktorantları, magistrantları və tələbələri, eləcə də birgə tədqiqatların əlaqələndirilməsi üzrə müqavilə tərəfdaşı olan tədqiqat institutlarının əməkdaşları iştirak edə bilərlər.
- AzTU tərəfindən əvvəlki daxili qrant müsabiqələri çərçivəsində maliyyələşdirilmiş, hazırda icra olunan və ya digər maliyyə mənbələri hesabına dəstəklənən eyni məzmunlu layihələr müsabiqəyə qəbul edilmir.
- Layihələr alim və tədqiqatçılardan ibarət müvəqqəti elmi-tədqiqat kollektivləri tərəfindən təqdim edilməlidir.
- Hər layihə üzrə bir layihə rəhbəri müəyyən edilir.
- Layihə komandası layihə rəhbəri daxil olmaqla minimum 3, maksimum 5 nəfərdən ibarət olmalıdır.
- Layihə rəhbəri və icraçılar layihənin mövzusuna uyğun elmi fəaliyyət, tədqiqat təcrübəsi və elmi nəşrlərə malik olmalıdırlar.
- Layihənin icra müddəti 12 aydan artıq olmamalıdır.
- Cari müsabiqədə hər bir şəxs yalnız bir layihədə (layihə rəhbəri və ya icraçı qismində) iştirak edə bilər.
- Layihələr AzTU-nun Daxili Qrant Müsabiqəsinin tələblərinə uyğun hazırlanmalı və müəyyən edilmiş müddətdə təqdim edilməlidir.
- Təqdim olunmuş layihələr texniki və elmi ekspertiza mərhələlərindən keçirilir.
- Beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi məqsədilə xarici universitet və elmi-tədqiqat müəssisələrinin alimlərinin layihələrə tərəfdaş qismində cəlb edilməsi təşviq olunur.
- Müsabiqənin nəticələrinə əsasən qalib layihələrin rəhbərləri ilə Azərbaycan Texniki Universiteti arasında layihənin icrasına dair müqavilə bağlanılır.
Təqdim olunmalı sənədlər
- Müsabiqədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir:
- Layihə təklifi (məqsəd, problem, elmi yenilik, metodologiya, iş paketləri, nəticələr və risklər);
- Layihə rəhbəri və icraçıların qısa tərcümeyi-halı (CV) və əsas elmi nəticələrinin siyahısı;
- Büdcə cədvəli və xərclərin əsaslandırılması;
- Layihənin icra qrafiki və mərhələlər üzrə nəticə indikatorları;
- Sənaye müəssisəsi və ya xarici elmi tərəfdaş mövcud olduqda dəstək məktubu və ya niyyət məktubu;
- Layihə nəticələrinin AzTU-nun tədris, tədqiqat, laboratoriya və ya rəqəmsal idarəetməsistemlərinə inteqrasiya planı və s.
Maliyyələşdirilə bilən xərclər
Daxili Qrant Müsabiqəsi çərçivəsində layihələrin icrası üçün aşağıdakı xərc istiqamətləri maliyyələşdirilə bilər.
| Xərc istiqaməti | Əhatə dairəsi |
| Əməkhaqqı | Layihənin icrasında iştirak edən layihə rəhbəri və icraçıların əməyinin ödənilməsi (Azərbaycan Respublikasının qüvvədə olan əmək qanunvericiliyinə və AzTU-nun daxili maliyyə qaydalarına uyğun olaraq). |
| Kiçik avadanlıq və laboratoriya komponentləri | Layihənin icrası üçün zəruri olan ölçü cihazları, sensorlar, mikrokontrollerlər, prototipləmə komponentləri, laboratoriya avadanlıqları və sınaq materialları. |
| Proqram təminatı və hesablama resursları | Proqram təminatı lisenziyaları, server və bulud (cloud) xidmətləri, məlumatların saxlanması və emalı üçün tələb olunan resurslar. |
| Material və sərfiyyat vasitələri | Layihənin icrası zamanı istifadə edilən materiallar, reaktivlər və digər sərfiyyat vasitələri. |
| Elmi xidmətlər və sınaqlar | Laboratoriya analizləri, ölçmələr, sertifikatlaşdırma, kalibrləmə və digər elmi-texniki xidmətlər. |
| Nəşr və əqli mülkiyyət xərcləri | Elmi məqalələrin nəşri, patent, faydalı model və proqram təminatının qeydiyyatı ilə bağlı əsaslandırılmış xərclər. |
| Elmi ezamiyyətlər | Layihənin icrası ilə birbaşa əlaqəli ölkədaxili və beynəlxalq elmi səfərlər, konfranslarda iştirak və tərəfdaş təşkilatlarla işgüzar görüşlər. |
Qiymətləndirmə meyarları
Layihələr iki mərhələdə qiymətləndirilir:
- Texniki uyğunluğun yoxlanılması;
- Elmi ekspert qiymətləndirilməsi.
Elmi ekspertiza zamanı aşağıdakı meyarlar əsas götürülür:
- Elmi yenilik və aktuallıq;
- Tədqiqatın metodoloji əsaslandırılması;
- Gözlənilən nəticələrin elmi və praktik əhəmiyyəti;
- Prioritet istiqamətlərə uyğunluq;
- Layihə komandasının elmi potensialı;
- Büdcənin əsaslandırılması və səmərəliliyi;
- Nəticələrin tətbiq və kommersiyalaşdırma potensialı;
- Layihənin universitetin strateji inkişaf məqsədlərinə uyğunluğu;
- Beynəlxalq əməkdaşlıq və nəticələrin beynəlxalq görünürlük potensialı.
Qeyd: Qiymətləndirmə nəticələrinə əsasən maliyyələşdiriləcək layihələr müəyyən edilir və yekun qərar Azərbaycan Texniki Universitetinin müvafiq qərarverici orqanı tərəfindən təsdiq edilir.
Gözlənilən nəticələr və minimum öhdəliklərHər layihə seçilmiş kateqoriyaya uyğun olaraq ölçülə bilən nəticələr təqdim etməlidir. Layihənin nəticələri müqavilədə müəyyən edilmiş fəaliyyət planına və göstəricilərə uyğun qiymətləndirilir.
| Nəticə növü | Tətbiqi layihələr |
| Elmi nəşr | Scopus/Web of Science jurnalında nəşr (qəbul haqqında təsdiqedici sənəd), yüksək reytinqli jurnala təqdimat və beynəlxalq konfrans materialı |
| Texnoloji nəticə | Model, alqoritm, işlək prototip, proqram məhsulu, laboratoriya sınağı və texnoloji demonstrator |
| İntellektual mülkiyyət | Patent, faydalı model, proqram təminatı üzrə müraciət, yaxudsənədləşdirilmiş əqli mülkiyyət paketi |
| AzTU – da tətbiq və inteqrasiya | Sənaye, laboratoriya, tədris və ya rəqəmsal platformaya inteqrasiya planı və pilot tətbiq, dayanıqlı inkişaf prinsiplərinin universitet fəaliyyətinə inteqrasiyası |
| Gənc tədqiqatçıların iştirakı | Ən azı 2 gənc tədqiqatçının aktiv iştirakı və layihə nəticələrinin müəllifliyində təmsil olunması |
Müsabiqənin keçirilmə qrafiki
Daxili Qrant Müsabiqəsi aşağıdakı qrafikə uyğun olaraq keçirilir:
| Mərhələ | Tarix / Müddət |
| Layihə təkliflərinin https://e-grant.aztu.edu.az/ elektron sistemi vasitəsilə qəbulu | 10 iyul 2026-cı il tarixindən başlayır |
| Elektron formada layihələrin təqdim olunması üçün son tarix | 30 avqust 2026-cı il, saat 24:00 |
| İmzalanmış çap nüsxələrinin təqdim olunması üçün son tarix | 10 sentyabr 2026-cı il, saat 17:00 |
| Texniki uyğunluğun yoxlanılması | Sənədlərin qəbulu başa çatdıqdan sonra |
| Elmi ekspertiza və yekun qərarın qəbul edilməsi | AzTU-nun daxili prosedurlarına uyğun olaraq |
| Qalib layihələrin elan olunması və müqavilələrin bağlanılması | Ekspertiza başa çatdıqdan sonra |
Müraciət qaydası
Müsabiqədə iştirak etmək istəyən iddiaçılar layihə sənədlərini müəyyən edilmiş forma və tələblərə uyğun hazırlayaraq https://e-grant.aztu.edu.az/ elektron sistemi vasitəsilə təqdim etməlidirlər.
Elektron sistemə yüklənmiş layihə sənədlərinin imzalanmış çap nüsxələri müsabiqə elanında göstərilən son tarixədək Azərbaycan Texniki Universitetinə təqdim edilməlidir.
Müəyyən olunmuş müddətdən sonra təqdim edilən, natamam sənədlərlə müşayiət olunan və ya müsabiqə şərtlərinə cavab verməyən layihələr qiymətləndirilməyə qəbul edilməyəcəkdir.
Əlaqə
Əlavə məlumat almaq üçün aşağıdakı əlaqə vasitələrindən istifadə edə bilərsiniz:
Azərbaycan Texniki Universiteti
Tədqiqat, İnkişaf və Reputasiya Departamenti
Ünvan: H. Cavid prospekti 25, Bakı AZ1073, Azərbaycan
Telefon: (+994 12) 538 33 83
E-poçt: grant@aztu.edu.az
Veb-sayt: www.aztu.edu.az