Yerli təbii seolitlərin tətbiqi ilə ağır metal ionlarının içməli və tullantı sularından adsorbsiya üsulu ilə təmizlənməsi prosesinin riyazi modelləşdirilməsi və optimallaşdırılması
Layihənin təsviri
Bu layihə Azərbaycanın yerli təbii seolitlərinin — xüsusilə klinoptilolit tipli mineralların — tətbiqi ilə içməli və sənaye mənşəli tullantı sularından ağır metal ionlarının (As, Pb, Cd, Zn, Cu və s.) adsorbsiya üsulu ilə səmərəli təmizlənməsi prosesinin riyazi modelləşdirilməsi və optimallaşdırılmasına həsr edilmişdir. Layihə həm ətraf mühitin mühafizəsi, həm də milli xammal resurslarından səmərəli istifadə baxımından strateji əhəmiyyət daşıyır. Müasir dövrdə sənaye müəssisələrinin fəaliyyətindən yaranan tullantı suları içərisində ağır metalların yüksək konsentrasiyası ekosistem və insan sağlamlığı üçün ciddi təhlükə yaradır. Ənənəvi təmizləmə üsulları (kimyəvi çökmə, membran filtrasiya, ion mübadiləsi və s.) yüksək enerji və reagent sərfi ilə xarakterizə olunur və bəzən ikinci dərəcəli çirklənməyə səbəb olur. Bu baxımdan adsorbsiya prosesi ekoloji cəhətdən təmiz, texnoloji cəhətdən sadə və iqtisadi baxımdan sərfəli alternativ hesab olunur. Lakin adsorbsiyanın səmərəliliyi seçilmiş adsorbentin növündən, səth xüsusiyyətlərindən və prosesin idarəetmə parametrlərindən (pH, temperatur, doza, zaman) asılı olduğundan, onun nəzəri və riyazi əsaslandırılması xüsusi aktuallıq kəsb edir. Layihə çərçivəsində yerli seolitlərin fiziki-kimyəvi xüsusiyyətləri (XRD, FTIR, BET analizləri ilə) öyrəniləcək, onların ağır metal ionlarını adsorbsiya etmə qabiliyyəti müəyyən ediləcək. Adsorbsiyanın kinetik modelləri (pseudo-first order, pseudo-second order), izoterm modelləri (Langmuir, Freundlich, Temkin) və diffuziya prosesləri (film və daxili diffuziya) əsasında riyazi model qurulacaq. Bu model sayısal üsullarla (FDM və ya FEM) həll edilərək prosesin rejim parametrlərinin təsiri araşdırılacaq. Eyni zamanda süni intellekt metodları (ANN, fuzzy logic, genetik alqoritm) tətbiq edilməklə prosesin optimallaşdırılması aparılacaq və ən yüksək adsorbsion səmərəliliyə nail olmaq üçün optimal şərait (pH, kontakt vaxtı, adsorbent miqdarı, temperatur) təyin ediləcək. Layihənin nəticəsi olaraq yerli təbii seolitlər əsasında ekoloji cəhətdən təmiz, səmərəli və ucuz su təmizləmə texnologiyası hazırlanacaq. Tədqiqatın elmi yeniliyi ondan ibarətdir ki, yerli xammal əsasında qurulmuş adsorbsion sistem üçün kinetik, izoterm və diffuziya modelləri inteqrasiya ediləcək, riyazi və sayısal modelləşdirmə vasitəsilə prosesin mexanizmi və idarəetmə prinsipləri aydınlaşdırılacaq. Layihənin həyata keçirilməsi nəticəsində həm Azərbaycanın su ehtiyatlarının qorunmasına, həm də dayanıqlı ekotexnoloji həllərin inkişafına töhfə veriləcək, bu istiqamətdə yeni elmi biliklər və tətbiqi nəticələr əldə olunacaq.
Layihə rəhbəri
Fəxrəddin Yusubov Vəli
Layihə rəhbəriKafedra müdiri
Texnika elmləri doktoru
İcraçılar(4)
Aynurə Yariyeva Mübariz
İcraçıassistent
yox
Əli İbrahimov Adil
İcraçıtədqiqatçı alim
k.ü.f.d.
Govhar Valiyeva Vilayat
İcraçıBoyuk elmi ischi
N/A
Güləhməd Talıbov Mirəhməd
İcraçıprofessor
k.e.d.