Nasazlığa davamlı həddli post-kvant səsvermə protokollarının işlənməsi və eksperimental qiymətləndirilməsi
Layihənin təsviri
Layihə post-kvant elektron səsvermə sistemlərində davamlılıq və əlçatanlıq probleminin həllinə yönəlmişdir. Mövcud qəfəs əsaslı EVOLVE protokolu güclü məxfilik və nəticənin bütövlüyü zəmanətləri təqdim etsə də, onun baza arxitekturasında nəticənin hesablanması üçün bütün avtoritetlərin iştirakı tələb olunur. Avtoritetlərdən birinin texniki nasazlıq, şəbəkə problemi və ya qəsdən imtina səbəbindən prosesdə iştirak etməməsi yekun nəticənin hesablanmasını mümkünsüz edə bilər. Layihənin məqsədi EVOLVE ailəsinin uçdan-uca doğrulanma və təhlükəsizlik xassələrini qorumaqla, Bizans nasazlıqlarına davamlı (t,n)-həddli post-kvant səsvermə protokolunun — T-EVOLVE-un işlənməsi, reallaşdırılması və eksperimental qiymətləndirilməsidir. Təklif olunan modeldə bütün n avtoritetin deyil, əvvəlcədən müəyyən edilmiş minimum t sayda avtoritetin iştirakı nəticənin əldə edilməsi üçün kifayət etməlidir. Bununla yanaşı, yanlış qismən nəticə göndərən iştirakçıların aşkarlanması, təqsirin sübut edilməsi, onların kənarlaşdırılması və qalan avtoritetlərlə hesablamanın davam etdirilməsi üçün doğrulana bilən qismən açılma və identifiable abort mexanizmləri hazırlanacaq. Tədqiqat nəzəri kriptoqrafik konstruksiya, formal təhlükəsizlik əsaslandırması və eksperimental qiymətləndirmə mərhələlərini birləşdirəcək. Layihə çərçivəsində həddli paylaşma mexanizmləri işlənəcək, dəyişmiş iştirak modeli üçün məxfilik və konsistentlik nəticələri yenidən sübut ediləcək, sıfır-bilik sübutları uyğunlaşdırılacaq, parametr dəstləri çıxarılacaq və protokolun istinad proqram kitabxanası, avtoritet düyünü və müstəqil verifikatoru hazırlanacaq. Hazırlanmış protokol müxtəlif (t,n) konfiqurasiyaları, seçici sayları və nasazlıq ssenariləri üzrə baza EVOLVE variantı ilə eyni eksperimental mühitdə müqayisə ediləcək. Ölçmələr bülletenin həcmi, hesablama və doğrulama vaxtı, kommunikasiya yükü və təhlükəsizlik səviyyəsi üzrə aparılacaq. Layihənin yekununda AzTU-nun laboratoriya mühitində simulyasiya edilmiş universitetdaxili səsvermə və ya sorğu ssenarisi üzrə pilot tətbiq həyata keçiriləcək. Layihənin nəticələri post-kvant kriptoqrafiyası, rəqəmsal etimad və təhlükəsiz proqram təminatı sahələrinin inkişafına töhfə verəcək, həmçinin elektron səsvermə ilə yanaşı məxfi və doğrulana bilən sorğu və kollektiv qərarvermə sistemlərində istifadə oluna bilən texnoloji baza yaradacaq.
Layihə rəhbəri
Calal Əlizadə Cəmil
Layihə rəhbəriAparıcı proqramçı
Magistr
İcraçılar(0)
Bu layihəyə təsdiqlənmiş icraçı əlavə edilməyib.