Nanopeyklər üçün CdTe/CdMnTe əsaslı yüksək effektivlikli günəş-optik enerjisi çeviricilərinin işlənilməsi
Layihənin təsviri
Layihənin annotasiyası Layihə nanopeyklərin enerji təminatı üçün "CdTe/CdMnTe əsaslı yüksək effektivlikli günəş-optik enerji çeviricilərinin modelləşdirilməsinə və optimallaşdırılmasına" həsr olunmuşdur. Nanopeyklərin ölçü, kütlə və enerji ehtiyatlarının məhdud olması onların enerji sistemlərində yüksək xüsusi gücə, aşağı kütləyə və yüksək enerji çevrilmə effektivliyinə malik yeni fotovoltaik strukturların tətbiqini zəruri edir. Bu baxımdan yüksək optik udma qabiliyyətinə və əlverişli enerji-zona xüsusiyyətlərinə malik CdTe, eləcə də tərkibində Mn konsentrasiyasının dəyişdirilməsi yolu ilə qadağan olunmuş zona enerjisi idarə edilə bilən CdMnTe materialları perspektivli hesab olunur. Layihənin əsas məqsədi CdTe/CdMnTe heterostrukturları əsasında günəş şüalanmasının elektrik enerjisinə çevrilməsi proseslərinin fiziki-riyazi və kompüter modellərinin yaradılması, strukturun optik və elektrik parametrlərinin tədqiqi və nanopeyk tətbiqləri üçün optimal konstruksiyanın müəyyən edilməsidir. Modelləşdirmə zamanı günəş şüalanmasının udulması və əks olunması, elektron-deşik cütlərinin generasiyası, yükdaşıyıcıların daşınması və rekombinasiyası, enerji zonalarının paylanması, interfeys və defekt vəziyyətləri, temperatur və radiasiya təsirləri nəzərə alınacaqdır. Tədqiqat çərçivəsində CdMnTe təbəqəsində Mn konsentrasiyasının, CdTe və CdMnTe təbəqələrinin qalınlığının, aşqarlanma səviyyəsinin, nanostruktur elementlərinin həndəsi parametrlərinin və digər texnoloji göstəricilərin qısaqapanma cərəyanı, açıq dövrə gərginliyi, doldurma əmsalı, kvant effektivliyi və ümumi enerji çevrilmə effektivliyinə təsiri müəyyən ediləcəkdir. Layihənin nəticəsi olaraq nanopeyklər üçün yüksək effektivliyə, aşağı qalınlığa və kütləyə malik CdTe/CdMnTe əsaslı günəş-optik enerji çeviricisinin optimal modeli formalaşdırılacaqdır. Əldə ediləcək nəticələr perspektivli fotovoltaik strukturların hazırlanması, eksperimental tədqiqatların istiqamətləndirilməsi və gələcəkdə nanopeyk enerji sistemlərində tətbiq oluna biləcək yeni nəsil günəş elementlərinin yaradılması üçün elmi əsas kimi istifadə edilə bilər.
Layihə rəhbəri
Mehman Həsənov Hüseyn
Layihə rəhbəriKafedra müdiri
Texniki Elmlər doktoru
İcraçılar(4)
Elmira Qasımova Kərim
İcraçıdosent
fizika üzrə fəlsəfə doktoru
Mətanət Mehrabova Əhməd
İcraçıkafedra müdiri
Fizika elmləri doktoru
Baloğlan Nəcəfov Kamil
İcraçıMüəllim
yox
Osman Eksik Abdurrahim
İcraçıDr. Öğretim Üyesi
PHD