Hexagon TIGO-SF sisteminin bərpası və rəqəmsal metrologiya tədqiqatlarının inkişafı
Layihənin təsviri
Layihə Azərbaycan Texniki Universitetində mövcud olan Hexagon TIGO-SF koordinat ölçmə sisteminin uzun müddət istifadədən kənarda qalması nəticəsində yaranmış texniki, proqram təminatı və metrologiya ilə bağlı problemlərin aradan qaldırılmasına, avadanlığın yenidən tam işlək vəziyyətə gətirilməsinə və onun elmi-tədqiqat və tədris məqsədləri üçün səmərəli istifadəsinin təmin edilməsinə yönəldilmişdir. Koordinat ölçmə sistemi yüksək dəqiqlikli üçölçülü ölçmələrin aparılması, detalların həndəsi parametrlərinin qiymətləndirilməsi və faktiki ölçmə nəticələrinin layihə məlumatları ilə müqayisəsi üçün mühüm texniki vasitədir. Layihə çərçivəsində TIGO-SF sisteminin texniki vəziyyətinin diaqnostikası, zəruri texniki xidmət və sazlama işlərinin aparılması, ölçmə sisteminin kalibrlənməsi, mövcud PC-DMIS proqram təminatının və lisenziya vəziyyətinin qiymətləndirilməsi, zəruri proqram təminatı yenilənmələrinin həyata keçirilməsi və ölçmə prosesinin etibarlı şəkildə təşkil edilməsi nəzərdə tutulur. Bununla yanaşı, cihazdan istifadə üzrə müvafiq metodiki və praktiki bacarıqların formalaşdırılması və onun laboratoriya fəaliyyətinə inteqrasiyası planlaşdırılır. Layihənin həyata keçirilməsi nəticəsində AzTU-da rəqəmsal metrologiya, yüksək dəqiqlikli ölçmə və keyfiyyətə nəzarət üzrə eksperimental tədqiqat imkanları genişləndiriləcəkdir. Bərpa edilmiş sistemdən maşınqayırma texnologiyaları, CNC emalı, dəqiq emal, istehsal proseslərinin keyfiyyət göstəricilərinin qiymətləndirilməsi və müasir rəqəmsal istehsal texnologiyaları üzrə elmi-tədqiqatlarda istifadə edilməsi nəzərdə tutulur. Eyni zamanda cihazın bakalavriat və magistratura səviyyələrində laboratoriya və praktiki məşğələlərə cəlb edilməsi tələbələrin müasir ölçmə texnologiyaları ilə işləmək üzrə praktiki kompetensiyalarının inkişafına imkan verəcəkdir. Layihənin perspektiv nəticələrindən biri də universitet-sənaye əməkdaşlığının genişləndirilməsidir. Bərpa edilmiş ölçmə sistemindən gələcəkdə sənaye müəssisələrinin ehtiyaclarına uyğun ölçmə və keyfiyyətə nəzarət xidmətlərinin göstərilməsində istifadə edilməsi, bununla da universitetin mövcud elmi-texniki infrastrukturunun daha səmərəli istifadəsi və əlavə gəlir imkanlarının yaradılması nəzərdə tutulur. Əldə ediləcək nəticələrin laboratoriyanın davamlı inkişafına, yeni tədqiqatların aparılmasına və AzTU-nun müasir rəqəmsal metrologiya infrastrukturunun gücləndirilməsinə xidmət edəcəyi gözlənilir.
Layihə rəhbəri
Nizami Yusubov Dəmir
Layihə rəhbərikafedra müdiri
texnika elmləri doktoru
İcraçılar(3)
Heyran Abbasova Murshud
İcraçıdosent
texnika elmləri üzrə fəlsəfə doktoru
Ramil Dadaşov Yengibar
İcraçıbaş müəllim
yoxdur
Sahib Rzaquliyev Zahir
İcraçıMüəllim köməkçisi
yoxdur