Müdafiə sənayesi təyinatlı detalların keyfiyyət göstəricilərinin yüksəldilməsini təmin edən innovativ texnoloji üsulların işlənməsi və tətbiqi
Layihənin təsviri
Müasir müdafiə sənayesində mürəkkəb texniki sistemlərin yaradılması yalnız yeni konstruktiv həllərin hazırlanması ilə deyil, həm də onların istehsalını təmin edən mütərəqqi, yüksək dəqiqlikli və elmi əsaslandırılmış texnoloji proseslərin işlənməsi ilə müəyyən olunur. Müdafiə təyinatlı məmulatların, o cümlədən raket-artilleriya sistemlərinin, onların aqreqat və mexanizmlərinin istehsalında istifadə olunan yüksək məsuliyyətli detalların hazırlanması zamanı ənənəvi texnoloji üsulların imkanlarının genişləndirilməsi, yeni emal və son emal texnologiyalarının yaradılması, texnoloji parametrlərin optimallaşdırılması və istehsal proseslərinin keyfiyyət göstəricilərinə görə idarə olunması mühüm elmi-texniki problem olaraq qalır. Layihənin əsas istiqaməti müdafiə sənayesi təyinatlı detalların emalı üçün innovativ texnoloji işləmələrin hazırlanmasıdır. Bu çərçivədə detalların material xüsusiyyətləri, konstruktiv-texnoloji parametrləri və emal şəraiti nəzərə alınmaqla yeni və təkmilləşdirilmiş texnoloji üsulların işlənməsi, onların elmi əsaslandırılması və optimal texnoloji rejimlərinin müəyyənləşdirilməsi nəzərdə tutulur. Əsas diqqət yüksək dəqiqlik və səth keyfiyyəti tələb edən mexaniki emal və son emal proseslərinə, o cümlədən pardaqlama, honlama və digər səth emalı texnologiyalarının imkanlarının inkişaf etdirilməsinə yönəldilir. Tədqiqatın mühüm xüsusiyyəti texnoloji proseslərin yalnız məhsuldarlıq baxımından deyil, ölçü və forma dəqiqliyi, səth kələ-kötürlüyü, səth bütövlüyü, fiziki-mexaniki xüsusiyyətlər və istismar davamlılığı kimi qarşılıqlı əlaqəli göstəricilər üzrə kompleks qiymətləndirilməsidir. Bu məqsədlə eksperimental tədqiqatların riyazi planlaşdırılması, statistik emal, riyazi modelləşdirmə, reqressiya və proqnozlaşdırma metodlarından istifadə ediləcək, texnoloji parametrlərlə məhsulun keyfiyyət göstəriciləri arasındakı qanunauyğunluqlar müəyyən ediləcəkdir. MATLAB və digər müasir rəqəmsal mühəndislik vasitələri əsasında texnoloji proseslərin modelləşdirilməsi və çoxmeyarlı optimallaşdırılması həyata keçiriləcəkdir. Layihədə xüsusi əhəmiyyət daşıyan istiqamətlərdən biri müdafiə sənayesi məhsullarının istehsalı ilə onların sonrakı istismarı arasında texnoloji əlaqənin müəyyənləşdirilməsidir. Raket-artilleriya silahları və digər yüksək məsuliyyətli müdafiə sistemlərində detallar istismar zamanı yüksək mexaniki, dinamik, vibrasiya və temperatur yüklərinə məruz qalır. Buna görə də istehsal mərhələsində formalaşan səth və material xüsusiyyətləri həmin detalların aşınma, yorulma və digər istismar təsirlərinə davamlılığına birbaşa təsir edir. Layihə çərçivəsində bu əlaqənin müəyyənləşdirilməsi və texnoloji proseslərin etibarlılığın yüksəldilməsi baxımından optimallaşdırılması nəzərdə tutulur. Layihənin elmi yeniliyi müdafiə təyinatlı detallar üçün “material – texnoloji üsul – emal parametrləri – səth bütövlüyü – funksional göstəricilər – istismar etibarlılığı” əlaqəsini vahid texnoloji model kimi formalaşdırmaqdan ibarətdir. Bu yanaşma əsasında texnoloji prosesin ayrı-ayrı parametrlərinin deyil, onların kompleks təsirinin qiymətləndirilməsi və optimal emal şəraitinin müəyyənləşdirilməsi mümkün olacaqdır. Eyni zamanda, yüksək məsuliyyətli detalların istehsalı ilə yanaşı, onların təmiri, bərpası və modernləşdirilməsi üçün tətbiq oluna bilən texnoloji həllərin hazırlanması nəzərdə tutulur. Layihənin nəticəsində müdafiə sənayesi müəssisələrində tətbiq oluna bilən yeni və təkmilləşdirilmiş texnoloji proseslər, optimal emal rejimləri, riyazi modellər və texnoloji tövsiyələr hazırlanacaqdır. İşlənəcək texnologiyaların tətbiqi nəticəsində emal proseslərinin səmərəliliyinin yüksəldilməsi, yüksək dəqiqlikli və keyfiyyətli detalların alınması, texnoloji qüsurların və məhsul itkilərinin azaldılması, detalların xidmət müddətinin və istismar etibarlılığının artırılması gözlənilir. Beləliklə, layihə müdafiə sənayesi üçün konkret texnoloji işləmələrin yaradılmasına, onların eksperimental və riyazi üsullarla əsaslandırılmasına və istehsal şəraitində tətbiq imkanlarının müəyyənləşdirilməsinə yönəlmiş tətbiqi-elmi tədqiqat xarakteri daşıyır. Layihənin nəticələri raket-artilleriya sistemləri də daxil olmaqla müxtəlif müdafiə təyinatlı məmulatların istehsal, təmir, bərpa və modernləşdirmə proseslərinin texnoloji səviyyəsinin yüksəldilməsinə və milli müdafiə sənayesinin elmi-texnoloji potensialının gücləndirilməsinə xidmət edəcəkdir.
Layihə rəhbəri
Malik Qarayev Fikrət
Layihə rəhbəridekan
texnika elmləri namizədi
İcraçılar(3)
Müxəddin Səmədov Kamal
İcraçıdosent
texnika elmləri namizədi
Ağasi Ağayev Ramiz
İcraçıbaş müəllim
yoxdur
Sarvan Əziz Şirvan
İcraçıdosent
milli təhlükəsizlik və hərbi elmlər üzrə fəlsəfə doktoru