Bimetal materialların eksperimental tədqiqi və süni intellekt əsaslı modelləşdirilməsi laboratoriyasının yaradılması
Layihənin təsviri
Təklif olunan layihə Azərbaycan Texniki Universitetində bimetal materialların hazırlanması, struktur və mexaniki xassələrinin eksperimental tədqiqi, əldə olunan nəticələrin rəqəmsal məlumat bazasında sistemləşdirilməsi və süni intellekt metodları ilə modelləşdirilməsini vahid tədqiqat sistemi daxilində birləşdirən laboratoriyanın yaradılmasına yönəlmişdir. Layihənin əsas məqsədi mövcud materialşünaslıq və metallurgiya laboratoriya imkanlarını süni intellekt və maşın öyrənməsi metodları ilə inteqrasiya etməklə “material - texnoloji parametr - mikrostruktur - mexaniki xassə” əlaqələrinin müəyyənləşdirilməsi və optimal texnoloji parametrlərin proqnozlaşdırılması üçün elmi-tədqiqat bazasının formalaşdırılmasıdır. Yaradılacaq “Bimetal materialların eksperimental tədqiqi və süni intellekt əsaslı modelləşdirilməsi laboratoriyası” çərçivəsində ilk pilot tədqiqat obyekti kimi Grade A markalı poladı - AA1050A markalı texniki təmiz alüminium aralıq qatı - AA5083 markalı alüminium ərintisi sistemi seçilmişdir. Bu material sistemi əsasında polad-alüminium bimetal materialın partlayış qaynağı ilə alınması, birləşmə interfeysinin mikrostruktur xüsusiyyətlərinin, mikrosbərklik və mexaniki möhkəmlik göstəricilərinin eksperimental tədqiqi nəzərdə tutulur. AA1050A aralıq qatının tətbiqi polad-alüminium interfeysinin formalaşmasının idarə edilməsinə, lokal ərimə sahələrinin və arzuolunmaz Fe-Al intermetallik fazalarının məhdudlaşdırılmasına yönəldiləcəkdir. Layihənin innovativ komponenti eksperimental materialşünaslıqla rəqəmsal məlumatların təhlili və süni intellekt/maşın öyrənməsi metodlarının inteqrasiyasından ibarətdir. Eksperimental nəticələr əsasında strukturlaşdırılmış məlumat bazası yaradılacaq, proses parametrlərinin interfeys mikrostrukturuna və mexaniki xassələrə təsirini müəyyən edən proqnozlaşdırıcı model hazırlanacaqdır. Süni intellekt vasitəsilə yüksək birləşmə möhkəmliyi təmin edən interfeys qüsurlarını və arzuolunmaz intermetallik sahələri minimuma endirən optimal texnoloji parametrlər müəyyən ediləcək və seçilmiş rejim əlavə eksperimentlə yoxlanılacaqdır. Layihə nəticəsində eksperimental tədqiqat - rəqəmsal məlumat bazası - AI/ML modelləşdirmə - optimallaşdırma - eksperimental yoxlama prinsipi üzrə fəaliyyət göstərən elmi-tədqiqat yanaşması formalaşdırılacaqdır. Pilot tədqiqat nəticəsində Grade A - AA1050A - AA5083 polad-alüminium keçid elementinin laboratoriya prototipinin hazırlanması nəzərdə tutulur. Yaradılacaq laboratoriyanın imkanları gələcəkdə yalnız polad-alüminium sistemi ilə məhdudlaşmayaraq digər bimetal və çoxlaylı metal materialların tədqiqinə, magistr və doktorantların elmi işlərinə, yeni qrant layihələrinin hazırlanmasına və sənaye ilə birgə tətbiqyönümlü tədqiqatların aparılmasına imkan verəcəkdir. Beləliklə, layihənin əsas nəticəsi konkret bimetal materialın tədqiqi ilə yanaşı, AzTU-da bimetal materialların eksperimental tədqiqi və süni intellekt əsaslı modelləşdirilməsi üzrə davamlı elmi-tədqiqat imkanının yaradılması olacaqdır.
Layihə rəhbəri
İslam Əlyarzadə Sabir
Layihə rəhbəriAsistent
yoxdur
İcraçılar(1)
Aysel Hüseynova İnsafəli
İcraçıMüəllim köməkçisi
Yoxdur