“WIRE-FREE-BUS: AZƏRBAYCAN ŞƏHƏRLƏRINDƏ ICTIMAI NƏQLIYYAT ÜÇÜN DINAMIK SIMSIZ ENERJI ÖTÜRÜLMƏSI SISTEMININ TƏDQIQI VƏ PILOT TƏTBIQININ HAZIRLANMASI”
Layihənin təsviri
Bu layihə Azərbaycanın yaşıl enerji siyasəti və dayanıqlı inkişaf hədəflərinə uyğun olaraq, elektromobillər və xüsusilə ictimai nəqliyyat vasitələri üçün yolda hərəkət zamanı simsiz enerji ötürmə sisteminin (Dynamic Wireless Power Transfer – DWPT) yerli şəraitdə tədqiqini, modelləşdirilməsini və ilkin sınaq nümunələrinin hazırlanmasını nəzərdə tutur. Layihənin əsas məqsədi – elektrik avtobuslarının və digər ictimai nəqliyyat vasitələrinin fasiləsiz və effektiv enerji ilə təmin olunması üçün yüksək səmərəli, iqtisadi cəhətdən əsaslandırılmış və innovativ simsiz enerji ötürmə texnologiyasını hazırlamaqdır. Layihə üç əsas mərhələdən ibarətdir: Tədqiqat və analitik mərhələ – dünyada mövcud olan DWPT texnologiyalarının elmi-texniki təhlili, elektromaqnit induksiya prinsipi əsasında modellərin yaradılması və Azərbaycan şəraitinə uyğunlaşdırılması; İnnovativ mərhələ – laboratoriya şəraitində simsiz enerji ötürmə modullarının (ötürücü və qəbuledici bobinlərin) hazırlanması, optimallaşdırılması və enerji səmərəliliyinin ölçülməsi; Tətbiqə hazırlıq mərhələsi – yerli nəqliyyat agentlikləri ilə əməkdaşlıq çərçivəsində pilot sahənin müəyyənləşdirilməsi, sınaq avadanlıqlarının inteqrasiyası və texnologiyanın gələcək kommersiyalaşdırma potensialının qiymətləndirilməsi. Layihənin icrası zamanı AzTU-nun mühəndislik laboratoriyaları və Bar-Ilan Universitetinin (İsrail) professoru Shuki Wolfus rəhbərlik etdiyi tədqiqat qrupu ilə əməkdaşlıq nəzərdə tutulur. Bu əməkdaşlıq texnologiyanın elmi əsaslarının dərinləşdirilməsinə, yüksək səmərəli bobin dizaynlarının tətbiqinə və beynəlxalq elmi nəşrlərin hazırlanmasına imkan yaradacaq. Layihənin icra müddəti 12 ay, ümumi maliyyə həcmi 30 000 AZN təşkil edir. Maliyyə vəsaiti layihə rəhbəri, yerli tədqiqatçılar və beynəlxalq ekspertin əməkhaqları, laborator avadanlıqların alınması, elmi konfransların təşkili və nəşr xərclərinin ödənilməsi üçün nəzərdə tutulur. Layihə “İnnovasiya və texnoloji inkişaf” və “Yaşıl enerji və dayanıqlı inkişaf” istiqamətləri üzrə AzTU-nun daxili qrant müsabiqəsinin prioritetlərinə tam uyğundur və gələcəkdə Azərbaycan şəhərlərində ağıllı nəqliyyat infrastrukturunun formalaşmasına elmi-texnoloji töhfə verməyi hədəfləyir.
Layihə rəhbəri
Hikmət Əliyev Səxavəddin
Layihə rəhbəriKafedra müdiri
Fizika Riyaziyyat elmləri namizədi
İcraçılar(1)
Elşən Qurbanov Mahmud
İcraçıSektor müdiri
Ph.D.