“Alüminium əsaslı nanokompozitlərin süni intellekt əsaslı sürətləndirilmiş dizaynı və tədris-tədqiqat platformasının yaradılması”
Layihənin təsviri
Layihənin annotasiyası.Təqdim olunan layihə alüminium əsaslı nanokompozitlərin “tərkib-emal-struktur-xassə” əlaqələrinin sistemli şəkildə öyrənilməsinə, optimal material tərkiblərinin və texnoloji emal rejimlərinin müəyyənləşdirilməsinə, həmçinin əldə edilən elmi nəticələrin müasir tədris-tədqiqat platformasına çevrilməsinə yönəldilmişdir. Layihənin əsas ideyası çoxsaylı kor-koranə eksperimentlər əvəzinə nəzəri yanaşmaların, kompüter modelləşdirilməsinin, kombinator sintezinin, yüksək məhsuldarlıqlı səciyyələndirmə üsullarının və məlumat əsaslı hesablama metodlarının qarşılıqlı əlaqəli şəkildə tətbiq edilməsidir. Belə yanaşma geniş tərkib və texnoloji parametrlər fəzasında ən perspektiv material kombinasiyalarını daha məqsədyönlü şəkildə seçməyə imkan verəcəkdir. Layihə çərçivəsində keramik nanohissəciklərlə möhkəmləndirilmiş alüminium əsaslı kompozitlərin hazırlanması, onların strukturunun, faza tərkibinin və funksional xassələrinin kompleks şəkildə öyrənilməsi nəzərdə tutulur. Tədqiqat zamanı kompozitin tərkibi, nanohissəciklərin miqdarı və paylanması, emal və bişirmə parametrləri, mikrostruktur göstəriciləri və əldə olunan mexaniki, triboloji və termiki xassələr arasında korrelyasiya əlaqələri müəyyən ediləcəkdir. Bunun üçün SEM/EDS, XRD, XRF, PSA, DTA/DSC, optik və atom qüvvə mikroskopiyası, bərklik və zərbə özlülüyü sınaqları, eləcə də triboloji sınaqların tətbiqi nəzərdə tutulmuşdur. Layihənin mühüm elmi istiqamətlərindən biri eksperimental nəticələrin hesablama materialşünaslığı ilə əlaqələndirilməsidir. Mikrostrukturun üçölçülü modelləşdirilməsi, möhkəmlənmə mexanizmlərinin riyazi təsviri, molekulyar dinamika, sonlu elementlər və faza-sahə modellərindən istifadə etməklə texnoloji rejimlərin kompozitin struktur stabilliyinə və xassələrinə təsiri proqnozlaşdırılacaqdır. Alınmış məlumat dəstləri əsasında ən əlverişli komponent nisbətləri və emal parametrləri seçilərək yeni nəsil alüminium əsaslı nanokompozitlərin işlənməsi üçün elmi-metodoloji baza yaradılacaqdır. Layihənin xüsusi əhəmiyyəti onun yalnız elmi nəticələrin əldə olunmasına deyil, həm də universitetdə müasir materialşünaslıq üzrə yeni tədris-tədqiqat mühitinin formalaşdırılmasına istiqamətlənməsidir. Tələbələr kompozitlərin hazırlanması, mikrostruktur və faza analizləri, mexaniki və triboloji sınaqlar, eksperimental məlumatların emalı, kompüter modelləşdirilməsi və nəticələrin müqayisəli təhlili mərhələlərində iştirak etməklə nəzəri biliklərini real laboratoriya tədqiqatları ilə əlaqələndirə biləcəklər. Bu yanaşma onların qabaqcıl materialların dizaynı, müasir analitik cihazlarla işləmə, elmi məlumatların təhlili və mühəndis qərarlarının əsaslandırılması üzrə praktiki bacarıqlarının formalaşmasına xidmət edəcəkdir. Layihənin nəticəsində alüminium əsaslı qabaqcıl nanokompozitlərin yaradılması üçün elmi və texnoloji əsasların işlənməsi ilə yanaşı, Azərbaycan Texniki Universitetində materialşünaslıq sahəsində müasir, multidissiplinar və tədqiqata əsaslanan tədris modelinin inkişafına töhfə verilməsi nəzərdə tutulur.
Layihə rəhbəri
Arif Məmmədov Tapdıq
Layihə rəhbəriMəsləhətçi-professor
texnika üzrə elmlər doktoru
İcraçılar(3)
Muxtar Hüseynov Çərkəz
İcraçıDosent
Texnika elmləri namizədi
Sübhan Namazov Nadir
İcraçıProrektor
T.e.d.
Aqil Babayev İsa
İcraçıDosent
Texnika elmlər namizədi