Bütün layihələr
2026 Yaşıl enerji, ətraf mühit və davamlı inkişaf məsələləri

“AzTU-da Yaşıl İnformasiya Texnologiyalarının (Green IT) Tətbiqi və Davamlı Rəqəmsal Universitet Modelinin Formalaşdırılması”

Layihənin təsviri

“AzTU-da Yaşıl İnformasiya Texnologiyalarının (Green IT) tətbiqi və davamlı rəqəmsal universitet modelinin formalaşdırılması” adlı layihə Azərbaycan Texniki Universitetində informasiya texnologiyaları infrastrukturunun enerji və resurs səmərəliliyinin artırılması, rəqəmsal fəaliyyətin ekoloji təsirinin qiymətləndirilməsi və Green IT prinsiplərinə əsaslanan davamlı idarəetmə modelinin hazırlanmasına yönəlmişdir. Müasir ali təhsil müəssisələrində rəqəmsal transformasiyanın sürətlənməsi kompüter sistemləri, serverlər, şəbəkə avadanlıqları, məlumatların saxlanılması və rəqəmsal xidmətlərin enerji istehlakının artmasına səbəb olur. Bununla yanaşı, elektron avadanlıqların yenilənməsi elektron tullantıların yaranması, rəqəmsal infrastrukturun genişlənməsi isə enerji və resurslardan daha səmərəli istifadə məsələlərini aktuallaşdırır. Bu baxımdan Green IT yanaşması informasiya texnologiyalarının yalnız texniki və iqtisadi deyil, həm də ekoloji davamlılıq prinsipləri əsasında idarə edilməsini nəzərdə tutur. Layihə çərçivəsində AzTU-nun mövcud İT ekosisteminin ilkin Green IT auditi aparılacaq, kompüter və şəbəkə infrastrukturu, rəqəmsal xidmətlər və əsas resurs istehlakı istiqamətləri qiymətləndiriləcəkdir. Enerji və resurs səmərəliliyinin müəyyən edilməsi üçün əsas göstəricilər və KPI sistemi hazırlanacaq, rəqəmsal infrastrukturun karbon izinin qiymətləndirilməsi üçün metodoloji yanaşma formalaşdırılacaqdır. Tədqiqat zamanı beynəlxalq təcrübənin və elmi mənbələrin sistemli təhlili, müqayisəli analiz, Green IT auditi, enerji və resurs göstəricilərinin qiymətləndirilməsi, ekspert rəylərinin öyrənilməsi və pilot tətbiq yanaşmalarından istifadə olunacaqdır. Əldə edilən nəticələr əsasında AzTU üçün enerji səmərəli və ekoloji davamlı rəqəmsal transformasiyanı təmin edən Green IT Tətbiq Modeli hazırlanacaqdır. Layihənin əsas elmi nəticəsi Green IT, rəqəmsal transformasiya və davamlı universitet konsepsiyalarını vahid çərçivədə birləşdirən, Azərbaycan ali təhsil müəssisələrinin xüsusiyyətlərinə uyğunlaşdırılmış metodoloji modelin formalaşdırılması olacaqdır. Praktiki nəticələr kimi AzTU üçün Green IT audit hesabatının, əsas fəaliyyət göstəricilərinin, rəqəmsal karbon izi üzrə ilkin qiymətləndirmə modelinin, pilot tətbiq mexanizmlərinin və Green IT üzrə yol xəritəsinin hazırlanması nəzərdə tutulur. Layihənin həyata keçirilməsi AzTU-da İT resurslarının daha səmərəli idarə olunmasına, enerji istehlakının optimallaşdırılması imkanlarının müəyyən edilməsinə, elektron avadanlıqlardan rasional istifadəyə və universitetdə davamlı rəqəmsal inkişaf mədəniyyətinin formalaşdırılmasına töhfə verəcəkdir. Layihə nəticələrinin gələcəkdə digər ali təhsil müəssisələri üçün də uyğunlaşdırıla bilən metodoloji və praktiki model kimi istifadə olunması nəzərdə tutulur.

Layihə rəhbəri

Zəfər Cəfərov Əli

Layihə rəhbəri

Kafedra müdiri

T.e.n

İcraçılar(4)

Mübariz Qənbərov Məhəmmədəli

İcraçı

başmüəllim

Baş müəllim

Nurlan Arifzadə Səhrad

İcraçı

Assistent

Doktorant

Kamran Əbilov Əli

İcraçı

baş müəllim

magistr

Elman Imameliyev Bəhlul

İcraçı

Dosent

Texnika üzrə elmlər namizədi